HƏYAT (Üçüncü hissə)
İnsana həyatda ağıl ona görə verilir ki, doğulmazdan əvvəl və həyatda özünün kim olduğunu öyrənə bilsin. Özünü dərk etməklə, o qəlbində sevgi tapa bilər. Sevgi şüuru sakitləşdirmək və təmizləmək üçün lazımdır. Belə bir şüur hər şeyə şəfqətlə, ədalətlə baxır. Bununla Bizi əhatə edən hər şeyi, o cümlədən özümüzü qiymətləndirməyə, qorumağa və sevməyə başlayırıq. Eyni bu sevgi ilə özümüzü yanlış düşüncələrdən və hərəkətlərdən də qoruya bilirik. Bu halda, sizin "Mən"iniz artıq müsbət yığımlarınıza mane olmayacaq. Belə bir Mən məhəbbətin Məninə çevrilir, ruhun çiçəklənməsinə xidmət edir və ilahi bir missiyanı yerinə yetirir. Bu halda ruhunuzun dərinliklərinə baxmaq artıq qorxulu olmur. Təmizlənməklə, sizin saflaşmış enerjiniz Kainatın enerjisi ilə əlaqəsi olacaq. Belə olduqda siz Kainatla birləşəcəksiniz və ali biliklə işıqlanacaqsınız. Siz onun bir zərrəsi olaraq onun fəaliyyətində mikroçip kimi iştirak edəcəksiniz. Amma özünüzü dərk edə bilməsəniz, onda siz təcrid olacaqsınız və onun fəaliyyətində iştirak etməyəcəksiniz. Bu sanki, barmağa girən tikanın irinlə təcrid olunması kimidir. İzolyasiya olunaraq, sferik irin toplumu yaranır və hissəciyi bədənə yad olan bir obyekt kimi təcrid edir. Sonradan bu təcrid olunmuş obyekt bədəni irinlə tərk edir və ya fəaliyyətsiz hissəcik kimi bədəndə qalır. Eləcə də insan Kainatın zərrəsinə çevrilə bilməyəndə eyni sferaya bürünür, fəaliyyətdə iştirak etmir, sistemini bloklayır və Kainatla uyğunlaşa bilən həyat kimi qəbul olunmur. Nəticədə belə həyat həqiqəti dərk etmədən və hiss etmədən bu dünyadan köçür. Həyatın əsl yolu özünü tanımaq və sevgini əldə etməkdir.
Həyat insana ona görə verilir ki, o, özünü tanısın və dərk etsin ki, o, bədən deyil, ruhsal bir ruhdur. O, təmizlənmiş şüurda bilik əldə etmiş ağlın köməyi ilə dünyanın yaradılışının uzaq dərinliklərinə daxil ola bilər. İnsanlarda və özündə nəyin doğru, nəyin yanlış olduğunu görməyə başlayır. Bütün hərəkətlərdə şübhə özünü göstərir. Nəyin doğru və nəyin yanlış olduğunu bilmək sizi Allaha yaxınlaşdırır və beləliklə Allahın sizinlə oyunu başlayır. Kainatdakı bütün hissəciklər Ali Ruhun enerjisidir, formalara girərək bütün yaradılışı canlandırır. Bədənlərə daxil olmuş ruhlar, maddi dünyanın illüziyalarının təsirindən, artıq xatırlamırlar ki, onlar Yaradanın enerjisinin zərrələridir. Əbədi ruhlar özləri də fərqinə varmadan aldanaraq özlərini müvəqqəti bədənlər kimi qəbul edirlər. Zövq, ağrı, qoxu, dad və bədənin hiss etdiyi hər şeyi, ruhlar şəxsi təcrübə kimi qəbul edir və bu məhdudiyyətdən yuxarı qalxmaq istəmirlər. Bu ruhlar cəhalət və maddi həvəsə qərq olurlar. Lakin salehlik haqqında əldə edilmiş biliklər, ona əməl etmək, təmizlənmək və maddi bağlılıqlardan azad olmaq sayəsində Yaradanla şəxsi əlaqə yaradılır və inkişaf etdirilir. Təmizlənmiş ruhun ətri Yaradanı cəzb edir və belə bir ruh nə arzulasa, o yerinə yetirilir.
İnsan əbədi bir ruh olduğunu dərk etdikdə bütün Kainatın tək bir Yaradan tərəfindən yaradıldığını və hər şeyin Onun mütləq qüdrəti altında olduğunu anlayır. O, hər yerdə Uca Varlığın iradəsinin təzahürünü görür. Kim ki, bu həqiqəti dərk etdi, başqa insanlara və heyvanlara qarşı qəddarlığa yol verməz. Ruh əvvəlki bədəndən əldə etdiyi öz şəxsi təcrübəsini, narahatlıqları, bilik və vərdişləri özü ilə birlikdə yeni həyata keçirir. Ruhun şüuru yalnız bədəndə yaşadığı zaman inkişafını davam edə bilir və keçmiş həyatın günahlarından təmizlənmək imkanı verilir. Yaradanın mərhəməti ondan ibarətdir ki, insana məhdudiyyətsiz günah işlətməyə imkan verməmək, əks halda o, getdikcə daha çox alçala bilər. Ona görə həyatın sonu və yeni bir başlanğıcı baş verir. Ruhlar günahlarla çirklənmiş bədənlərini tərk edir və yeni bədənlər alırlar. Bütün ruhlar bir mənbədən gəlir, onlar ölməz və əbədidir. Yeni bədənlərdə onların mənəvi inkişafı üçün daha çox şansları olacaq. Saleh həyat prinsipləri insanı saflaşdırır və şüurunu inkişaf etdirir. O, təqvasını artırır və özünüdərk yolunu tutur. İnsan bədənində həyat çox nadir və böyük dəyərdir. Həyat əbədi həyat qazanmaq üçün verilir.
Başqalarını məhv etməklə özümüzü məhv edirik. Ömrünüzü xoşbəxt yaşayıb-yaşamamaq, ömrünüzü uzadıb-uzatmamaq sizdən asılıdır. Ağıl həyat ruhu tərəfindən verilir.
Fərhad Ələsgərov
|