|
MÜƏLLİM VƏ TƏLƏBƏ - Bilik və Öyrənmə
Bilik həqiqəti dərk etmək üçün lazımdır və o, öyrənmə vasitəsilə əldə olunur. Öyrənmək insanın daxilindəki dərin biliklərin oyanmasıdır. Dünyəvi və ya mənəvi olsun, bütün biliklər həmişə insanın daxilində olur və onunla birlikdə doğulur. Bu, sanki bir bitki toxumunun necə böyüyəcəyi, hansı növ olacağı və hansı meyvə verəcəyi barədə proqram şəklində biliklərlə təmin olunması kimidir. Həmçinin insana da belə biliklər valideynlərin genləri vasitəsilə ötürülür. Bədənin genetik sistemi isə artıq böyümə, oxşarlıq, immun qoruma, güc, ağıl, uzunömürlülük, sağlamlıq və s. təmin edən ilkin bilik proqramına malikdir. Hər şey valideynlərin bu proqramın ötürülməsindən əvvəl necə bir həyat yaşamasından və onu yeni doğulmuş uşağa hansı əhval-ruhiyyədə ötürmələrindən asılıdır. Genlə ötürülən biliklərlə yanaşı, insana həmçinin Ali Zəkadan ruh vasitəsilə mənəvi bilik də bəxş olunur. Bütün bilik formaları müəyyən dərəcədə əvvəlcədən insanın daxilində örtülü şəkildə yerləşir və həyatın sonuna qədər orada aşkarlanmadan qalır. İnsan müəyyən bilikləri olmadan onları özü əldə edə bilmir. Bu bilikləri insana mənəvi müəllim verə bilər, hansı ki, insanın daxilindəki dərinliklərdə olan bilikləri oyadaraq və üzə çıxardaraq, insan təbiətini Ali “Mən” ilə birləşdirir.
Öyrənmə daxili biliyi örtən bu qabığı aradan qaldırır. Bu qabıq isə sürtünmə yolu ilə aradan qalxır. Bu hal, daşda gizlənmiş alovu xatırladır ki, o da, yalnız başqa bir daşla sürtündükdə əldə olunur. Bu sürtünmə üçün müəllim lazımdır ki, alovu əldə etmək olsun. Belə sürtünmə yaratmaqla müəllim insandan cəhaləti silir. Bu, uzun təcrübə yolu ilə baş verir. Öyrənmədə tələsmək olmaz. Öyrənmək üçün təmizlik vacibdir və çirklər bədəndən çıxarılmalıdır, bunlar isə yalnız sınaqla yuyula bilər. Yeni tələbələr öz sınaqlarından keçirlər, köhnə tələbələr isə yeni tələbələri sınayaraq öz sınaqlarından keçirlər. Lakin onlara olan sevgi gözləri örtməməlidir ki, səhvləri görmək olsun. Bilik yalnız sınaqlar vasitəsilə qazanılır. Bilik əldə etmək üçün insan yalnız xarici ritual və əməllərdə deyil, həm də hər şeydən əvvəl sədaqət və inamda sınaqdan keçməlidir. İnsan nə qədər ritualları və fəlsəfəni öyrənsə də, daim məşq və təcrübələr etsə də, daxilən təmizlənməsə və mövcud olan hər şeylə vəhdət hissi keçirməsə, ilkin həqiqətin biliyini dərk edə bilməyəcək.
Öyrənmə və çalışqanlıq bizə düşmənə qarşı güc verir. Həyatda düşmənimiz insan, vəziyyət, qocalıq, xəstəlik və ya qorxu ola bilər. İçimizdəki bu bilik gücünü oyandırmaqla, bu həmlələrə qarşı düzgün hərəkətlər taparaq, asanlıqla vəziyyətlərdən çıxa bilərik. Ağıl və sağlamlıq baxımından güclü olduğumuz zaman artıq düşmənlərimiz olmur. İş ondadır ki, hər kəsin daxilində güc var və bu, hər kəsdə bərabərdir, və buna sübut budur ki, kiçik bir qarışqa nəhəng və güclü bir fili öldürə bilər. Əgər kimisə güclü, özünüzü isə zəif hesab etsəniz, onunla döyüşməyə heç vaxt cəsarətiniz çatmayacaq. Əksinə, əgər güclüyə zəif gözlə deyil, əsl döyüşçü gözü ilə baxsanız, onda asanlıqla onu məğlub edəcəksiniz. Çevik və güclü olmaq öyrənməyin yalnız başlanğıcıdır. Heç vaxt öz düşüncənizə həddindən artıq güvənməyin və qabiliyyətlərinizdən də mənəmli olmayın. Daim məşq edin, çünki bilik və təcrübənin sonu yoxdur. İnsan hər şeyə nail olduğunu və artıq təcrübəyə ehtiyacı olmadığını düşünəndə bütün müdrikliyi yox olur. Bilik öyrənmək yalnız başqaları ilə rəqabət aparmaq üçün deyil, həm də öz xasiyyətinizin qüsurları ilə mübarizə aparmaq üçün lazımdır. Bu isə, yalnız bacarıq və gücünüzün davamlı təlimi ilə mümkündür. Öz qorxusuna qalib gələ bilməyən insan başqalarını məğlub edə bilməz. Buna görə də, qələbə və məğlubiyyət bilik təlimlərini qəbul edib-etməməyinizdən asılıdır və hər şey insanın özündən asılıdır.
Müəllim tələbəni öyrətdikcə vaxtaşırı xeyir-dua ilə irəli çəkir ki, o, digər tələbələr üçün nümunə olsun. Lakin, bundan sonra tələbə özündənrazı və eqoist olduğunda, o, başqalarına yuxarıdan aşağı baxmağa başlayır və hətta müəlliminə belə narazılığını göstərir. Nəticədə, bu səhvlər onu həqiqət yolundan azdıraraq, ölümə aparır. Buna görə də, tələbə böyüdükcə, onun inkişafında iştirak edən müəllim və tələbələrə qarşı təvazökar və minnətdar olmalıdır. Tələbə əgər düşünür ki, ağır iş görür, onda unutmamalıdır ki, müəllimin işi daha da çətindir. Müəllim tələbənin əhəmiyyətini və onun öyrənməyə həssaslığını anlayır. Tələbə müəllimin bütün tapşırıqlarına qulaq asmalı, bacarıqlarını inkişaf etdirərək, onları tam və məsuliyyətlə yerinə yetirməlidir. Əgər tələbə ustalığını inkişaf etdirmədən yalnız texnika öyrənirsə, məşqə nə qədər vaxt sərf etməsindən asılı olmayaraq, sərf olunan səylər boşa gedəcək. Əsl sənət müxtəlif texnikalara yiyələnməklə deyil, ustalıqla müəyyən edilir. Usta olmaqla, bədənin tab gətirə biləcəyi məhdudiyyətlər asanlıqla dəf edilir. Usta döyüşçü ruhunu qazanır və yıxıldıqdan sonra asanlıqla ayağa qalxa bilir. Ustanın gücü nə silahda və nə də texnikada deyil, yalnız onun ruhundadır. Ruh hər şeyə hakimdir.
Həyat bilikləri miras olaraq bizə zamanın çox dərin biliklərindən gəlmişdir. Onun həyata xüsusi baxışı, öz qaydaları və ritualları var. Bütün müəyyən edilmiş qaydalara düzgün əməl edilməlidir. Bunu öyrənmək lazımdır, lakin müəllimin iştirakı olmadan öyrənmək səmərəsizdir. Buna görə də bir müəllim tapmaq və onu öz ustadınız kimi qəbul etmək lazımdır. Ustadı qəbul etdikdən sonra, tələbə və müəllim arasındakı münasibət ənənələrinə riayət etmək lazımdır. Biliyin sizə ötürülməsi üçün müəllimi ürəyinizə yerləşdirməyə və müəllimin qəlbində isə öz yerinizi tutmağa çalışmalısınız. Nə vaxt ki, hər ikisi birləşir, onda ümumi məqsədə çatmaq olur. Heç vaxt müəlliminizə qarşı təkəbbür göstərməyin. Müəllimin tələbələrə qarşı xarakterinin təbiəti, tələbənin hansı düşüncə ilə onun yanında olmasından asılı olaraq dəyişir. Müəllimin hərəkətlərinin bütün incəliklərini anlamaq üçün, tələbə səbrli olmalıdır. Müəllim tərəfindən bütün sürtünmə və təzyiqləri təlim kimi qəbul edin. Əgər özünüzü inkişaf etdirməsəniz, biliyə yiyələnmək rifah əvəzinə dəlilik və xəstəlik gətirəcək. İnsan cəhaləti və zehni zəifliyi üzündən çoxlu əzab-əziyyət çəkir. Bilik əldə etməklə o, bütün istəklərini və onlarla əlaqəli əzabları aradan qaldıra bilir. Həmçinin, insan öz biliyini zənginləşdirməklə və öz üzərində işləməklə bədəninin və ruhunun vəziyyətini daha da yaxşıya doğru dəyişə və bunu gələcəyə ötürə bilər.
Əgər sual yaranırsa: həqiqət haradadır? O, bizim olduğumuz yerdədir, burada və indi, açılan sonsuzluqdadır. Bu, ruh təmizlənib təravətləndikdə hiss olunur. Gerçəkliyin bu cür qavranılması səviyyəsinə çatdıqda, sakitlik və boşluq yaranır, və insan səylərinin faydasızlığı dərk olunur. Emosiyaları yatırmaq ürəyi saflaşdırır və açır. Xeyirxah ruh kosmik enerji ilə bəslənir. Bununla şüur təmizlənir və fikirlərin axınına yol açılır. Bu, insana həqiqəti və onunla bağlı bilikləri anlamağa imkan verir. Bunu əldə etmək onun ruhunu işıqlandırır. İşıqlanmış insan üçün nəyə baxmasından asılı olmayaraq, xarici aləm və ya daxili aləm olsun, aydın olur və fərqlər görünür. İnsan yaşayarkən, bir şeyi başa düşməlidir ki, həyatda onun missiyası - işıqlanmaqdır.
Dünyadakı hər şey məhv edilə bilər, amma daimi olan tək şey bilikdir.
Buna görə də insan bədəndən ayrılmalı olduqda, bilik qalır.
Fərhad Ələsgərov
|