|
Müəllim və Tələbə – Mənəviyyat
Bütün fəlakətlərin əsl səbəbi insanların birliyinin və aralarındakı harmoniyanın olmamasıdır. Birliyin və harmoniyanın olmaması cəmiyyətdə mənəvi həyatın olmaması səbəbindən yaranır. Mənəviyyat əldə etmək üçün insan həqiqət yolunu axtarmalı və zahid həyat tərzi sürməlidir. Bu yolu getmək üçün ruhu təmizləmək lazımdır. İnsan dərhal mənəviyyat axtarıcısı olmur, əvvəlcə namizəd mənəvi tərəfdən təcrübəli bir müəllimin rəhbərliyi altına daxil olmalıdır. O, tam qəbul olunmazdan əvvəl ciddi əmək və mənəvi təcrübə keçməli, təlim ocağında ən ağır işləri görməli və təvazökarlığı öyrənməli idi. Bunun üçün ən azı bir müddət lazım idi. Müəllim təlim ocağına və ya məktəbə qəbul üçün icazə verdikdə, o, darvaza qapısından içəri girə bilərdi. Darvazadan sonra müəllimin evinin qapısına qədər də hələ bir bağ var ki, oranı da keçib qapıya çatmalıdır ki, evın astanasından içəri girə bilsin. Bunun üçün o, müəllim tərəfindən ona verilən hələ bir sıra testlərdə də keçməli idi. Bütün bu sınaqlar yalnız insanın öz yalançı eqosundan qurtulmasına yönəlirdi. Yalançı eqo, insanın öz bədənini təmin etmək barədə düşünməsi, özünü göstərməsi, maddi şeylərə, pula, statusa və insanlara zehni olaraq bağlı olması, eqoizmi inkişaf etdirməsi, başqalarından üstün olmağa çalışması və xəyali maraqlarını qorumasıdır. Doğulandan ömrünün sonuna qədər eqo insanı müşayət edir. Düzgün tərbiyə olunmamış insanın eqosu, onu səhv yola yönəldir. Göylərin verdiyi hədiyyəni korladığımız zaman, o, səhvə yol verir və öz təbii həqiqət yolundan çıxır. Belə bir eqo vasitəsilə qaranlıq qüvvələr şüurumuzu idarə etməyə başlayır və biz onların köləsinə çevrilib onlara xidmət etməyə başlayırıq. Bu köləlikdən qurtuluş isə yalnız dünyəvi istəklərdən və bağlılıqlardan azad olub, əsl mənliyimizi tanımaq üzərində işləsək mümkündür. Beləliklə, müəllimin evinin astanasını keçdikdən sonra, hələ də bir sıra başqa sınaqlardan da keçmək lazımdır ki, eqonun yalançı yoldan qurtulduğuna artıq əmin olunsun. Tamamilə sınaqlardan təmizlənmiş eqo ilkin vəziyyətinə qayıdır və bundan sonra tələbə müəllimin ürəyinə viza ala bilir. Bu ürəklər birləşərək, həqiqət yolunun sözsüz, təlimsiz və məsafəsiz ötürülməsi əlaqəsi yaradırlar.
Mənəviyyat axtaran - daxili və xarici dünyanı anlamaq yolunda bir səyyahdır. Hər kəsə bu yolu getmək müyəssər olmur, bir çox maneələr onların qarşısında durur. Belə bir insan olmağa çalışmaq üçün ilk növbədə, necə deyərlər, köklərdən və bağlılıqlardan uzaqlaşmaq lazımdır. Belə bir insan olduqda isə hər şey avtomatik olaraq sizdən uzaqlaşır. Mənəvi insan olmaq o deməkdir ki, keçmişindən imtina etmək, yəni ölü dünənə məxsus olan hər şeydən imtina etmək. İndini və gələcəyi görmək üçün tamamilə saf, proqramlaşdırılmamış və bu günkü olmaq. Başqasının biliyinin və ya əmrlərinin təsiri altında deyil, öz baxışlarınızla böyüməyə başlamaq. Bu şəkildə, hər şeyin doğru və yanlış olduğunu hiss edəcəksiniz. Bu mövqeyi tutduğunuz andan etibarən ilk dəfə olaraq bir fərd olursunuz. İlk dəfə özünüzə hörmətlə yanaşdınız, siz özünüzü qəbul etdiniz. İlk dəfə olaraq, Onun sizi olduğunuz kimi yaratdığına görə minnətdar olursunuz. Artıq sizin heç bir idealınız yoxdur. Hörmət etdiyiniz kəsə çevrilmək məcburiyyətində deyilsiniz. Sadəcə özünüzlə qalmalısınız və heç bir ideallar olmadan varlığınıza getdikcə daha azad olmasına imkan verməlisiniz. Keçmişin yükünü atıb azad yaşamağa başlayanda isə səma ilə əlaqəniz yaranacaq və bütün səma ulduzlarla birlikdə sizə məxsus olacaq. Artıq günah yoxdur, qorxu yoxdur, sizə hakim olan və sizi kölə edən heç kim yoxdur, sizi məhv edən heç bir şər yoxdur. İlk dəfə olaraq, büllur kimi təmiz tənhalığınızda özünüzə çevrilirsiniz.
Mənəvi insan azad insandır, o, maddi dünyaya, öz eqosuna və sosial buxovlara köləlikdən azaddır. Onun azadlığı məişət mənasında deyil, yalnız mənəvi mənada başa düşülür. Bir şeyə sahib ola bilirsə də, onu özününkü hesab etmir. Əgər o, heç nəyə sahib deyilsə, deməli, heç nə ona sahib ola bilməz. Harada olursa olsun, vəzifəsi nə olursa olsun, statusu onun üçün heç bir əhəmiyyət kəsb etmir. O, iradəsini tamamilə Uca Yaradana təslim edir və özünü Onun xidmətçisi hesab edir. Onun başına gələn və ya baş verən hər bir şeyi Ona minnətdarlıqla qəbul edir. Başqalarının fikirlərindən, təriflərindən və ya tənqidlərindən asılı deyil. Müəlliminə sorğu-sualsız itaət edir və mənəvi təcrübələrə və rituallara tabe olur. Onu sertifikatlar, diplomlar və ya nailiyyətlərini təsdiqləyici digər sübutlar maraqlandırmır, müəlliminin verdiyi səma xeyir-duası ona kifayət edir. O, həqiqəti öyrətmək üçün auditoriya və ya tələbələr axtarmır, yolunun izlərini onu izləyənlərlə bölüşür. O bilir ki, həyat, hansı formada olursa olsun, indi və sonra ilə davam edir. Öz eqosu üzərində qələbə onun mənəvi yolunun əsas məqsədidir. Onun azadlığı anarxiya deyil, mənəvi həqiqətə çatmağa yönəlmiş ən yüksək özünütərbiyə formasıdır.
Həqiqət yoluna qədəm qoymaq üçün insan həm zahiri, həm də daxilən özünü təmizləməlidir. Zahirən bu, insanın hərəkətlərinə, sakitliyinə, sözlərinə, davranışına və rituallarına aiddir, daxilən isə varlığın daxilində təzahür edir. Beləliklə, həqiqətə aparan yol insanın iki tərəfini tərbiyə edir. Zahirən insan yalan danışmamalı, dediklərinə və etdiklərinə diqqət yetirməli və Uca Tanrının ona həvalə etdiyi vəzifələri yerinə yetirməlidir. Daxili aləm isə elə tərbiyə olunmalıdır ki, insanlara qarşı nifrət, təkəbbür və eqoizm olmasın. Bunun əvəzinə, insan altruizm nümayiş etdirməli, başqaları haqqında pis düşünməməli və öz daxilindəki paxıllığı, kin-küdurəti və düşmənçiliyi aradan qaldırmalıdır. Əgər insan özünü xarici və daxili günahlardan təmizləyə bilsə, onda həqiqi yol ona aşkar olar. İnsanlar əsasən xarici hissəyə, yəni görünən hissəyə diqqət yetirirlər. Lakin görünməyən hissə insanın içində - insan eqosunda becərilən düşüncə və istəklərdə gizlənir. Eqonun tərbiyəsi pozulduqda, insanlar daha çox şey istəməyə və bundan zövq almağa başlayırlar. Zövqlərə qapılaraq, özlərində xəstəliklərə səbəb olan daxili günahlar yetişdirirlər. Var-dövlət, rütbələr, ehtiras və şıltaqlıqların ardınca düşməyə ehtiyac yoxdur, çünki onlar insanı kor edir və cahilliyə sürükləyirlər. Var-dövlət və ya status qazanarkən yoldan çıxmamaq üçün təvazökar və zahid həyat tərzi sürmək lazımdır - bu, daxili günahlardan təmizlənməyə və ya ümumiyyətlə onlara yoluxmamağa kömək edəcək. Əgər daxili tərəfiniz üzərində işləməsəniz, yalnız zahid həyat tərzi sürsəniz, yol tam olmayacaq. Belə insan isə yalançı olaraq insanları səhv yola yönəldə bilər. Axı, həqiqi yol yalnız xarici deyil, həm də daxili həyat üçün qayğını nəzərdə tutur. Hər iki tərəfin tərbiyyəsi haqq yolunun göstərişlərinə uyğun olmalıdır.
Bütün həyatın qayda-qanunlar üzərində qurulduğunu düşünmək səhvdir. Qaydalar vərdişlər yaradır, vərdişlər isə cəmiyyətə yoluxaraq insanları asılı edir və zombiləşdirir. İnsanlar mərhəmət və şəfqətdən danışırlar, amma onlar münaqişə edirlər və vuruşurlar. Başqalarının yolunu adətən yalan hesab edən insan, ən yaxşı halda, yalnız özünə bənzərlərini sevir, sevgi dolu insan isə dünyanın bütün varlıqlarını sevir. O bilir ki, həqiqət birdir və heç bir qəbiləyə və ya dinə aid deyil. Bütün bəlaların mənşəyi döyüş meydanlarına çevrilmiş yoluxmuş ürəklərdən gəlir. Bir çox sərhədlərin, nifaqların və müharibələrin kökləri insanların bir-birindən qorxmasındadır. İnsan nədir? Ağlı və hissləri olan bir ovuc toz. Amma onun ağlı təmiz, ürəyi sevgi ilə doludursa, bütün kainat ona xidmət edir. Həyatı ya vərdişlə və ya sevgi ilə yaşamaq olar. Böyük və kiçik vərdişlər zindanında təkrarlanma və çürümə bizi miras, təqlid və vəzifə zəncirlərində saxlayır. İpəkqurdunun baramadan çıxıb kəpənək halına gəlməsi lazımdır. Baramanın bağlılığından qurtulmaq azadlıq verir. Bu dünyada itkisiz bir şey mümkündürmü? Həqiqət yolunda qurban vermək lazımdır - insanın yalançı mənliyinin məhv edilməsi və maddi dünyaya bağlılıqdan qurtulması.
Dünyəvi həyatdan – hakimiyyətə can atmaqdan, nəfsi istəklərdən və buna bənzər şeylərdən qurtulmağın üsulu Yaradanı daha tez-tez yad etməkdir. Bu xatırlama gündəlik işlərdə tətbiq olunmalı və insan icazə verilən yollarla pul qazanmalıdır, çünki haram pul qəlbi sərtləşdirir və onu qalın bir qabığa bürüyür. Həmçinin saleh insanların əhatəsində olmaq və pis insanlarla ünsiyyətdən çəkinmək vacibdir, çünki bu da qəlbi sərtləşdirir. Bundan təmizlənmək üçün gecənin bir hissəsi meditasiya ilə keçirilməlidir. Davranış, qaydalara riayət etmək və özünütərbiyə əsl səyyahın nümunəsini təcəssüm etdirir. Amma təəssüf ki, bu gün müəllimlərin əksəriyyəti mənəvi yol sahəsində dərin biliyə malik deyil, bütün dünyəvi şeylərdə zahidlik göstərmir və davranışlarında düz yola riayət etmirlər. İnsanın nəfsi ona pislik etməyi əmr edir. Müəllim olmaq ciddi bir məsələdir, sürüşkən bir yoldur. Əgər müəllim iİnsanların onun ətrafında toplaşmasından və arxasınca getməsindən həzlənirsə, bu onu sərxoş edə bilir. Həmçinin, insanların ona həddindən artıq hörmət etdiyini gördükdə, sanki çox yüksək bir status qazandığına inanmağa başlayır. Beləliklə eqosu hələ də ona hakimlik edir. Əgər bu insan özünün heç nə və heç kim olmadığını, sadəcə zəif bir varlıq olduğunu anlamağa kömək edən mənəvi təcrübədən keçməzsə, şöhrət cazibəsinə müqavimət göstərə bilməyəcək. Bundan əlavə, tələbələrin ona hədiyyələr və pul gətirdiyini görəndə və bundan həzz almağa, pula və yüksək statusa ehtiras hiss etməyə başlayanda - bütün bunlar onu düz yoldan çıxarır. Əgər bir insan müəllim olub, bu rola uyğun olan şərtləri yerinə yetirməzsə, bu, həm onun, həm də tələbələrinin pis nəticələrinə səbəb olacaq. Əsl müəllim heç vaxt özünü başqalarından üstün tutmur. O, özünü müəllim və ya insanlar arasında ən yaxşısı hesab etmir, sadəcə bu dünyanın kiçik bir hissəsi hesab edir. Əsl müəllimlər istedadlarını gizlədir və heç vaxt onları nümayiş etdirmirlər. Hər bir mənəvi cəhətdən maariflənmiş insan öz əsl mahiyyətini bilir, Tanrı qarşısında gizli günahlarını və səhvlərini xatırlayır. O, həmçinin bilir ki, aləmlərin Rəbbi insanlara onun yaxşı tərəflərini göstərir, qalan hər şeyi isə gizlədir və aralarında saxlayır.
Müasir dünyada zahid olmaq sivilizasiyanın rədd edilməsi və ya dilənçiliklə deyil, daxili zahidlik, şüuri yanaşma və maddi asılılıqdan azad olmaqla mümkündür. 21-ci əsr üçün zahid, onun haqqında deyildiyi kimi, o qədər də qəriban, səyyah deyil, həqiqəti öz daxilində axtaran biridir. Bizim dövrümüzdə bu yol xarici gəzişmədən daxili işə çevrilib. Sivilizasiyanın üstünlüklərikdən istifadə edərək, əşyalara, pula, işə bağlanmır və bilir ki, bunlar onun əsl dəyərini müəyyən etmir. Çox təvazökar, ciddi və sadə bir həyat tərzi sürür. O, könüllü olaraq lazımsız maddi nemətlərdən, rahatlıqdan, dadlı yeməklərdən, əyləncələrdən və eqosunu qidalandıran digər ifratçılıqlardan imtina edir. Gündəlik fəaliyyətlərini meditasiyaya çevirir. Tələsmədən və təlaş olmadan özünü və ətrafındakıları dinləyir. Başqalarına fədakarcasına kömək edir və hər kəsə mülayimlik, şəfqət və sevgi ilə yanaşır. İnsanlara xidmət edir, ən ağır və təvazökar işləri yerinə yetirir, təkəbbürünün kökünü kəsir. O, öz düşüncələrini və hərəkətlərini daim özünütəhlil, sükut və mənəvi təcrübələr vasitəsilə idarə edir ki, qürur, paxıllıq və tamahkarlığın təzahür etməsinin qarşısı alınsın. Daim ürəyini təmizləyir, öz "mən"i haqqında düşüncələri oradan uzaqlaşdırır.
Müasir mənəvi insan tənha yerlərdə, dağlarda yaşamır, səs-küydən, kütlədən uzaqlaşmır, həmçinin cəmiyyətdə seçilmir və xüsusi geyimlər geyinmir. O, insanlar arasında yaşayır, ailəsi, müxtəlif peşələri var, işləyir, internetdən istifadə edir, amma daxili dincliyini, mənasız işlərdən azadlığını və təmiz vicdanını qoruyur. O, cəmiyyətin quruluşuna qarışır və narahatlıq keçirmədən həqiqət qaydalarına uyğun yaşayır. Ürəyi təmizləməyə, ruhu gücləndirməyə və ilahi başlanğıca yaxınlaşmağa çalışır. O, ilahi bir vergi ilə silahlanmış bir mistikdir, onu narahat etmək olmaz, onun düşüncələri, gözləri və ya dili cəzalandıra bilər, hətta bu cəzanı istəməsə belə. O, Ali “Mən”in sevimli övladıdır və həmçinin Onun tərəfindən qorunur və mühafizə olunur. Onun arzuları və istəkləri mütləq gerçəkləşir. O, həm daxili və həm də xarici görür, yol göstərə və məsləhət verə bilir. İnsanı mənfilikdən, xəstəlikdən, pis gözdən və tilsimlərdən azad edə bilir. Onun iştirakı şəri uzaqlaşdırır və aktiv enerji ilə yükləyir. Ona qarşı pis niyyətli olan hər kəs üç gün, üç ay və ya üç il ərzində cəzasını mütləq alır. O, güzgü kimi safdır – yaxşı insanlar onda yaxşılığı görür, xoşagəlməzlər isə onu bəyənmir və maneə kimi görürlər. Onun təbəssümü, sözü, baxışı, toxunuşu yanında olanların gərginliyini aradan qaldırır və əhval-ruhiyyəsini yüksəldir. Hətta o, yaxınlıqda olmasa və ona inanan ondan uzaqda olsa belə, onun dalğasına köklənərək çətin vəziyyətlərdə düzgün cavabı və ya həlli tapa bilir. Onu xatırlamaq bədənə və ruha qurtuluş gətirir. Mənəvi insana qarşı düşüncə və ya əməldə pis bir şey etməkdən çəkinin və ehtiyatlı olun, çünki cəza qaçılmazdır və bu, onun Sevgilisindən gəlir. O, heç kimə pislik arzulamır və heç bir pislik etmir, hər şeyi Haqq-Taalanın ixtiyarına və qərarına verir. Hər şey Ondandır və hər kəs üçün qərar Onundur.
Əsl mənəvi müəllimlər və şagirdlər hələ pozulmamış uşaqlardır. Mənəviyyat, pozulmamış və ya təmizlənmiş ruhda olur.
Fərhad Ələsgərov
|