İmtahan tələbələr üçün bir prosedurdu. Əgər bir insan bilik və davranışlarını inkişaf etdirirsə deməli, o tələbədir. Ona görə də hər bir insan ömrünün sonuna kimi tələbə qalmalıdır. O dünyadakı bütün bilikləri bilə bilməz. Tələbə sözünün mənası biliyə tələbi olan insan deməkdir. Tələbələr üçün imtahanlar müəyyən zaman ölçüsündə keçirilir. İmtahan özü mərhələlər keçididir. Məsələn, Everest dağının zirvəsinə qalxmaq üçün uzun yol və zaman qət olunmalıdır. Dağın ətəyinə çatmaq özü böyük bir yoldur, əziyyətdir. Ətəyindən zirvəsinə kimi bir neçə dayanacaq bazaları da mövcuddur. Bir dayanacaqdan o biri dayanacağa çatmaq, bir mərhələ sayılır. Mərhələləri keçmək üçün müəyyən bilik, hazırlıq və davranış qaydaları tələb olunur. Bəzən hansısa qayda pozuntusu mərhələni keçməyə mane olur və geri dönərək, yolu yenidən başlamaq lazım olur. İmtahanı vermək mərhələyə çatmaq deməkdir. Lakin əsl imtahan mərhələlər arasındakı yolun özüdür. Səhv olmadıqda yol daha tez başa çatır. Səhvlər isə keçid müddətini uzadır. Əgər səhv olmadıqda yola 5 saat vaxt tələb olunacaqdırsa, səhvlərə görə 15 – 20 saat vaxt sərf oluna bilir. Bəzən bir-iki mərhələ keçdikdən sonra insan yolu davam edə bilmir və geri dönür. Səhvlər ucbatından ya gücdən düşür, ya ruhdan və ya xəsarət alır. Amma yolun sonu zirvəni fəth etməkdir və zirvəyə yaxınlaşdıqca da tələblər və çətinliklər də artır. Qalxış çətin olduğu kimi, enış də asan olmur. Biliklər tək qalxarkən deyil, enərkən də tələb olunur. Biliklər yerinə görə bir tələbatdır ki, biz ondan istifadə edirik. Necə ki, insana yaşam üçün hava, su, qida tələb olunduğu kimi, yerinə görə də müəyyən tələblər lazım olur. Zirvəni fəth etmək dağın ürəyini fəth etməkdir. Bu misal həyatdakı bütün sahələrdəki yollara aiddir, - istər təlim, istər iş, istərsə də həyatdakı yaşam olsun, yol elə yoldur. Adi həyatdakı mərhələlərdə insanlar öz səhvlərini görmürlər, çünki, onlar özlərinə bəraət qazandırmaq üçün başqalarının səhvlərini axtarırlar. Lakin dağlar səhvləri bağışlamır. Dağı nə qədər günahlandırsan da xəsarəti sən almış olacaqsan. Çünki dağ yerində durmuş idi və səni də yanına çağırmamışdı. Ona yaxınlaşan da və onu fəth etmək istəyən də sən olmusan. Hər nə olursa insanın hərəkətlərindən və düşüncələrindən irəli gəlir. Özünü tap-səhvini tap, onda bütün suallara cavab tapmış olacaqsan.
Kiçik zirvələri fəth edə bilmirsənsə, böyük zirvələri necə fəth edəcəksən?