Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)        35 il  Azərbaycanda
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

HƏYAT (Dördüncü hissə)

HƏYAT (Dördüncü hissə)

Həyat, MeditasiyaHəyat tam öyrənilməmiş bir fenomendir və sirr olaraq qalır. Həyat bizim biologiya dərslikləri vasitəsilə öyrəndiyimiz bir şey deyil. Kainatda mövcud olan hər şeyin öz həyatı var. Həyat təkcə Yerdə deyil, Kainatın hər planetində və hər ulduzunda mövcuddur. Onlar həmçinin planetin özü, ulduz, qalaktika kimi müxtəlif həyat formalarında mövcuddurlar. Məntiqlə, əgər onlar mövcuddursa, deməli yaşayırlar, ölürlərsə, başqa bir həyat formasına keçirlər. Kainatın özü həyatdır və içindəki hər şey üçün həyat şəraiti yaradır. Həyat həm qalaktikalardan kənarda, həm də şüurumuzda mövcuddur. Bu o deməkdir ki, biz özümüz də həyatın özündə yaşayırıq və həyatlar da bizdə yaşayır. Həyatımız dayandıqda isə biz və bizdə yaşayan həyatlar başqa həyat formalarına keçir. Onu dəyişdirmək və ya məhv etmək mümkün deyil. Onun öz başlanğıcı və sonu var. Ali həqiqət bütün həyatları idarə edir. Bunu dərk etmək üçün, yorulmadan düşünərək bu həqiqətə yol açmaq lazımdır.

Həyat anlayışı həqiqəti dərk etməklə əldə edilir. Həqiqətin özü isə əbədi və sarsılmazdır. Bu həqiqətin sayəsində həyat əmələ gəlir və yenidən müxtəlif formalarda peyda olur. Mikro həyatlar makro həyatları dəstəkləyir. Bədənində inkişaf edən mikro həyatın ruhu sonradan bir qədər böyük bədəndə yenidən doğulur. Bu, ruhun gücünün inkişaf edə biləcəyi maksimum dərəcədə davam edir. Sonra bütün yeni doğuluş getdikcə kiçilərək, hər yeni həyatda varlığı minimum ölçülərində təzahür edir. Bu sanki, yuxarı və aşağı, nəfəs almaq və nəfəs vermək kimidir. Ətrafımızda olan hər bir şeyin həyatı var. Ruhlar toxumdan kiçik olsalar da, onların sayı hədsizdir. Onlar bir örtük kimi bütün Kainatı əhatə edirlər. Buna baxmayaraq biz onları əlimizlə də tuta bilirik və həmçinin bədənimizdə yaşayan hissəciklərdə də var. Bunu anlamaq üçün, ağac kimi çiçək açmalıyıq, hansı ki, özü də bunun necə olduğunu bilmir. Bilin ki, aydınlaşma qapıları bilik hüdudlarından çox-çox uzaqdadırlar. Oraya çatmaq və çiçək açmaq üçün meditasiya lazımdır.

Meditasiyaya etmək üçün əvvəlcə zehni sakitləşdirmək lazımdır, onu bütün fikirlərdən azad edin, nicatla bağlı düşüncələrdən və narahatlıqlardan qurtulun. Sualları kənara atın, qoy işıq boşalmış ağlınızdan sərbəst keçsin. Hərəkətsiz oturun, bədəni boşaldın və xarici narahatlıqların daxili dincliyinizi pozmasına imkan verməyin. Bütün vücudunuzla dərindən nəfəs alın, nəfəsinizi saxlayın və baş verənləri müşahidə edin. Sonra uzun, sakit nəfəs verin, ovuclarınızı açın və ağlınıza gələn fikirləri qəbul edin. Nəfəs alıb-verməyə diqqət yetirin, çalışın dərindən nəfəs alıb nəfəs verəsiz, içərinizə dalın və qorxmayın. Kainat bizim daxilimizdədir, varlıqlarımızın hər bir zərrəsindədir. Meditasiya təcrübəsi bu şəkildə əldə edilir, lakin orada olmaq və görmək, bizdən və seçimimizdən asılıdır. Düşüncələrimiz bizə nə istədiyimizi görməyə imkan verir, hər şey özümüzdən asılıdır. Aydınlığa sahib olmaq və dərinliklərə nüfuz etmək üçün, eyni anda bir neçə şeyi düşünmək olmaz, sadəcə dolaşmadan diqqətinizi cəmləmək lazımdır. Həyatın böyük sirrini dərk edərək anlayırıq ki, doğulma, ölüm və yenidən doğulma həyatların bir-birini əvəz etmə prosesindən başqa bir şey deyil. Biz nə görürüksə və ətrafda nə baş verirsə bizdən kənar deyil. Reallıq bizim qavrayışımızla yaranır. Biz hamımız və hər nə varsa vahid sistemin iştirakçılarıyıq.

Məlum olur ki, bütün canlıların həyatı yer sferasının vahid quruluşlarından ibarətdir. Mövcud olan hər bir həyat öz müddətini yaşadıqdan sonra yox olur. Biz həyata hər dəfə müxtəlif formalarda və quruluşlarda təzahür etdiririk. Hər nə varsa, hamısı bir-biri ilə əlaqəlidir və birlik təşkil edir. Hər şey bir mənbədən yaranır və biz hamımız vahid təbiətin hissələriyik. İnsanda yaradıcı şüur olsa da, bir-birini əvəz edən ifrata varmaq, onun rahat yaşamasına mane olur. Xoşbəxtlik və kədər bir bütövün iki hissəsidir. Hissələr arasında tərəddüd etdiyimiz zaman, şüuru oyatmalı və möhkəm dayanaraq həyatın məqsədini tapmalıyıq. Bu, o zaman mümkündür ki, biz bu əks tərəfləri ortada şüurumuzda birləşdirə bilək və həyatımızı bu ifratlardan kənarda şüurlu şəkildə yaşaya bilək. İndiki anda olun və bu günü yaşayın, gələcək haqqında isə narahat olmayın və keçmiş üçün də kədərlənməyin. Diqqəti indiyə yönəltməklə biz başa düşə və aydınlaşa bilərik.

İnsan üçün həyatın mahiyyəti özünü tanımaqdan ibarətdir. Bu, yalnız düşüncə ilə mümkündür. Düşünməklə, şeylərin mahiyyətini bilə bilərsiniz. Aydınlıq görünəndə isə narahatlıq yox olur. Əgər içimizdə qorxu və narahatlıq yox olarsa, onda həyatda rahatlıq tapırıq. Özümüzdə və ətrafımızdakı dünyada sülh hiss etməyə başlayırıq. Düşüncələr artıq bizim şüurumuzu yükləmir. Özümüzü bağlılıqlardan azad etməklə, biz azadlıq əldə edirik. Meditasiya insanın canlanmasına və oyanmasına səbəb olur. Belə olduqda isə insanın həyatının xoşbəxt fəsli başlayır. Bundan insan, beynində yeni bir işıqla, hər şeyə və hər kəsə həqiqətən minnətdar olur. O, ətrafındakı dünyanı anlamağa başlayır və mehriban, qayğıkeş və sevən olur. İnsanlarda belə şüur yaranarsa, təbiətdəki hər şeyin bir bütöv olduğunu başa düşərək, bir-birləri ilə daha yaxşı rəftar edərlər. Belə şüur bütün insanları vahid dinc ailədə birləşdirə bilər. Axı bizim şüurumuz saf, gözəl və sadə olan Kainatın şüurundandır. Bunu anlamaq üçün Kainatla bir olmaq lazımdır. Bir çoxları bu yolla getməyə çalışdılar və çaşdılar. Əgər bilik əldə etmək istəyirsinizsə, mən anlayışını unutmalısınız. Məhz “mən” maneçirlik törədir və özünü aldatmaq, uydurma rituallar, qeyri-təbii meditasiyalar kimi yalançı yol yaradır.

Həyatın təbii qanununa görə hər şey zamanla dəyişir. İnsan uşaqdan gəncə çevrilir, sonra yetkinləşir. Təbiətin bir parçası olaraq anlayışla yanaşmalı və təbiətin dəyişməz qanununa əməl etməlidir. Təbiətlə yanaşı, ətrafımızda baş verən hadisələr daim bir-birini yaxşı və pis hadisələrlə əvəz edir. Onlar daima həyatımızın gedişatına təsir edir və dəyişir. Həmçinin, hər an bədənimiz və ruhumuz dəyişikliklərə məruz qalır. Həyat boyu bizi müşayiət edən hərislik, şöhrətpərəstlik, ehtiras kimi insan istəkləri getdikcə bizi məhv edir və bədbəxt edir. Bu istəklər bədənimizə və ruhumuza xəstəliklər və zülm gətirir. Lakin bədən onlara can atmağı dayandırdıqda, onlar ruh üzərində güclərini itirirlər və insan bütün vəsvəsələrdən azad olur. Cahillik geri çəkilir, yerini həqiqi həyat biliyi ilə doldurur və bununla artıq heç bir şey bu insan üzərində güc sahibi ola bilməz.

Həyatınızı çətinləşdirməyin mənası yoxdur, əks halda bu, bir yükə çevriləcək. İnsanın həyatda tutduğu mövqedən asılı olmayaraq hər kəsi ömrünün sonu gözləyir. İstisnasız hamı gec-tez dünyasını dəyişir, bu təbiətin qanunudur. Zaman keçdikcə insanlar haradan gəldiklərini və ölümdən sonra onlara nə olacağını düşünməyə başlayırlar. Amma insan yaşadığı müddətdə qəm-qüssə onun arxasınca gedir. Bunun əsas səbəbi bu dünyada özlüyündə müvəqqəti olan hər şeyə bağlılıqdır. İnsanlar var-dövlətləri, üzlərinin gözəlliyi, tutduğu vəzifə və ya nailiyyətləri sayəsində özlərini başqalarından üstün gördükdə sağlam düşünə bilmirlər. Bu asılılıqlar onları çaşdırır və düzgün cavab almağa imkan vermir və buna görə də həyatda səhv qərarlar verirlər. Bu asılılıqlara görə, ömür boyu özləri ilə birlikdə nəfs zəncirlərinin yükünü sürükləyərək var-dövlət və mallarının quluna çevrilirlər. Lakin azadlıq əldə etmək üçün ən vacib addım meditasiya yolu ilə özünüdərketmə qabiliyyətini inkişaf etdirməkdir. Nəfsinə qalib gələ bilən və yüklərdən qurtula bilən şəxs isə ən böyük insandır və həyatın həqiqəti ona açıqlanacaqdır.

İnsanlar ömürlərini var-dövlət qazanmaq üçün sərf edirlər, amma həyatın özünün sərvət olduğunu dərk etmirlər.

Fərhad Ələsgərov

Məqalələr
Dərclər
© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az