Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)        35 il  Azərbaycanda
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Mərkəzin dərs cədvəli
Dərəcələrin verilməsi üçün göstərişlər
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Məlumat siyahısına qayıd

AİKİDO - köklərə qayıdış

AİKİDO - köklərə qayıdış

Aikido, O-Sensei M. Ueşiba“Aikido” “canlandırma” mənasını daşıyır, özünü dərk etmək üçün yeni yola qədəm qoyan insanın yenidən doğulması kimi başa düşülür. "Ai" heroqlifi "harmoniya" mənasını verməklə yanaşı, "görüş" mənasını da verə bilir, burada insan özü ilə görüşərək düşüncələrini və bədənini qaydaya sala bilir. "Ki", "enerji" olaraq, həm də “əhval-ruhiyyə” deməkdir, həyatın maddi və mənəvi tərəflərini əlaqələndirərək həyat yoluna düzgün köklənməkdir. Bədən və ruhun birliyini bilmək. Ətrafımızdakı hər şeyin bir olduğunu və hər zərrənin bir-birinin zərrəsi olduğunu anlamaq. “Do” anlayışı kişi və qadın prinsiplərini birləşdirən orta yola aparan yolu ifadə edir. İki prinsip arasındakı yaxınlıq xəttində insan tam fiziki və mənəvi səadət halını yaşaya bilər. Orta xəttdə olduğumuz zaman özümüzlə, eləcə də cəmiyyət və ətrafımızdakı təbii dünya ilə harmoniyada qarşılıqlı əlaqədə oluruq. Orta yol həqiqət yoludur, harda ki, sülh və tarazlıq əldə olunur. Yolun bu orta xəttində olduqda, siz nəyin doğru və nəyin yanlış olduğunu başa düşəcəksiniz.

Kainatda qaranlığın və işığın enerjiləri bərabər nisbətdədirlər. Kainat bu tarazlıq sayəsində yaşayır və inkişaf edir. Onlar bir-birini tamamlayır və qarşılıqlı uyğunlaşırlar. Bu sanki nəfəs almaq və nəfəs verməkdir, bunlarsız isə həyat mümkün deyil. Nəyin yaxşı və ya pis olduğu anlayışı mövcud deyil, onların hər ikisi qüvvənin hərəkəti üçün lazımdır. Bu qüvvələr arasında rəqabət yoxdur, onlar növbələşir və bir-biri ilə uyğunlaşırlar. Bunu anlamaq və yaşamaq üçün, Aikidonun bizə verdiyi biliklərlə, fiziki və zehni qabiliyyətlərinizi inkişaf etdirmək lazımdır. Həmçinin daimi məşqlər vasitəsilə Aiki-ni dərk edərək, bacarıqlarınızı və təcrübənizi inkişaf etdirməklə, sizin sağlamlığınız yaxşılaşacaq və həyata sevinclə baxacaqsınız. Belə bir ruh halının artıq kiməsə öz bacarıqlarını sübut etməyə və ya kiminsə üzərində qələbəsinə ehtiyacı olmayacaq. O, kiminsə tərəfindən tanıynması üçün heç kimlə və heç bir şeydə rəqabət aparmır. Artıq onun üçün insanlar rəqib və düşmən olmurlar. Onun üçün yalnız bir rəqib var, o da özüdür və əgər düşmən peyda olursa, o da onun içində gizlənir. Həyatın bütün dəyərli vaxtını bədəninizin sağlamlığını qorumağa və yaxşı düşüncələr yetişdirməyə, bədən və ağıl düşmənlərini aradan qaldırmağa sərf etməlisiniz. Bu cür təlim, şəfa verərək, bizi normal həyata qaytarır və xoşbəxt uzunömürlülük üçün bizə daha çox enerji verir.

Aikidonun bütün texniki və mənəvi bilikləri gündəlik həyatda, sağlam həyat tərzi üçün tətbiq olunur. Müasir dünyada insanlar diqqətli olmağı itiriblər və yayınıq olublar. Bu vəziyyətdə, onlar cəngəllikdə bir gün də sağ qala bilməzdilər, kiminsə qurbanına və ya yemə çevrilərdilər. Konfort və rahatlıq onları zəiflətmiş, zəif və tənbəl etmişdir. Eyni zamanda, stress və qorxu xəstəliklərə səbəb olaraq, onların ömrünü qısaldır. Amma Aikidonu öyrənərək və müxtəlif həyat vəziyyətlərində tətbiq edərək, siz düzgün düşüncələr, sözlər və hərəkətlər tapırsınız. Siz Aiki ruhu ilə həyatın müxtəlif çağırışlarına cavab verməyə başlayırsınız. Siz balanslı, dayanıqlı və həyati enerji ilə dolu olursunuz.
Aikido insanlara sülh və harmoniya içində yaşamağı öyrədir. Nəcib insanlar öz üstünlüyünü sübut etmək üçün rəqabət aparmırlar. Yer üzündəki bütün canlılar özünəməxsus şəkildə gözəldir. Paxıllıq və mübahisə insanları aqressiv edir. Ona görə də Aikidoda heç bir formada rəqabət yoxdur. Aikido ruhu insanlara birincilik və ya üstünlük deyil, əməkdaşlıq təklif edir. Qoy hər bir insan öz daxili gözəlliyini inkişaf etdirməyə çalışsın və ətirli bir çiçək kimi özünü ifadə etsin.

Aikido harmoniyanı və hər şeyin mahiyyətini dərk etməyi öyrədir. Özünə və ətraf mühitə harmonik münasibət, sadə dillə desək, hər şeyi qaydasına salmaq deməkdir. Zəifi güclü etmək, təcavüzkarı isə sakitləşdirmək, yəni hər ikisini tarazlığa gətirmək. Orta, sevincin təzahür etdiyi, ən az güc itkisinin, od və suyun harmoniyasının, böyümənin və həyatın olduğu yerdir. İçəridə istilik artdıqda onu soyutmaq, soyuq gələndə isə isitmək lazımdır. Tam rahatlıq və enerji iki əksin razılıqlı yaxınlığının təmas nöqtəsindədir. İki başlanğıcı daxilinizdə birləşdirərək, siz yerin və göyün gücünü qazanacaqsınız, hər şeyi anlayacaqsınız və sizdə hər şey qaydasında olacaq.

Aikido həmçinin sevgi yolu kimi də başa düşülür. Aiki şüurumuzda məhəbbəti inkişaf etdirərək bizə birlikdə harmoniya içində yaşamağı öyrədir. Sevgi bizə enerji və həyat sevinci bəxş edir. Sevgi Aikido ilə düzgün, yaxşı bir mühitdə və müsbət düşüncələrlə məşğul olduqda əldə edilir. Sevginin gücü aqressiyanı sakitləşdirib sülh yarada, qəzəbi isə təbəssümə çevirə bilər. Buna bütün insanlar can atmalıdırlar və yalnız belə xəstə dünyanı xilas etmək olar. Bu, əsl döyüşçünün əldə etməyə çalışdığı ən yüksək nailiyyətdir.

Aikido vasitəsilə biz həmçinin enerjidən istifadə etməyi və bacarıqlarımızı inkişaf etdirməyi öyrənə bilərik. Enerji hər yerdədir, hərəkətlərdə, səslərdə, boşluqlarda və maddələrdə. Enerjini özümüzdə inkişaf etdirmək üçün, səmimi münasibətimiz, həqiqi şəfqətimiz və dərin müdrikliyimiz olmalıdır. Ondan istifadə o zaman mümkün olur ki, şüur və bədən harmoniyadadır, möhkəm niyyətə və tam konsentrasiyaya malikdir. Bunu mənimsədikdən sonra, rəqiblərinizi düşüncə enerjisi ilə məğlub edərək, onların hərəkətlərinin mənasızlığını dərk etməyə məcbur edə bilərsiniz. Axı bizim enerjimiz Kosmik enerjinin zərrəsidir və biz hamımız bu enerji ilə bağlıyıq. Natəmiz düşüncələrimiz enerjimizi saf mənbədən ayırır və biz ətraf mühitlə enerji əlaqəmizi itiririk. Şüurumuzu təmizləməklə biz bu əlaqəni bərpa edə və ondan istifadə edə bilərik. Bunu məşq etməklə biz aydınlanmış təcrübənin enerjisinin gücünə yiyələnəcəyik və Kainatla birləşəcəyik.

Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada bir çox insan artıq Aikido ilə düzgün məşq keçmir və ya məşq etmir. Onlar Aikidonun banisi Morihei Ueşibanın fəlsəfəsini öyrənmir və ona əməl etmirlər. “Ai” təlimində olan birlik, şükür və tələsməməzlik əvəzinə hər yerdə parçalanma, rəqabət və yarımçıq biliklərlə səviyyə əldə etməyə tələskənlik var. Texnikanı enerji və hissiyyatla yerinə yetirmək əvəzinə, yəni gücə qarşı güc göstərmədən - "ki", texnikalar kobud güclə həyata keçirilir və ya hücumçu müəllimi və ya tərəfdaşı razı salmaq üçün bilərəkdən özünü təslim edir və ya yıxır. Yolu incəliyərək öyrənmək əvəzinə isə, yəni sağlamlıq və düzgün düşüncə əldə etmək - “do”, dərəcələri təqib edir, pul qazanmaq haqqında düşünür və səviyyə, vəzifə, vədlər ilə şirnikləndirərək başqa məktəblərin tələbələrini və müəllimlərini cəlb edir. Aikidoda “döyüş sənəti” mənası öz sağlamlığını və düşüncə tərzini qaydaya salaraq, özü ilə mübarizə aparmaq və özünə qalib gəlmək deməkdir. Başqalarından üstün olmaq haqqında düşünməmək, yalnız özünüzlə məşğul olmaq. Dərəcələr dalınca qaçmayın, onlar sadəcə kursun tamamlanmasının göstəricisidir, hazır olduqda onları almaq daha yaxşıdır. Təlimin əsl mənası bilik əldə edərək özünüzü qaydaya salmaq, bədənin zəif nöqtələrini gücləndirmək, zehni təmizləmək və ruhu inkişaf etdirməkdir. Çalışmalarınız getdikcə daha çox biliklər və bacarıqlar əldə etmək üçün olmalıdır.

Aikidonun öyrənilməsi rituallardan başlayır. Ritual insan üçün mənəviyyat göstəricisidir. Texniki formalar və hərəkətlər prinsiplərə riayət etməklə düzgün yerinə yetirilməlidir. Texniki ifalarda düzgün hərəkət etməyi öyrəndikdən sonra, hərəkətinizi nəfəsinizlə uyğunlaşdırmağa başlayın. Nəfəsin və gücün gizli tərəflərini hiss edin. Texnikalarda güc mümkün qədər az tətbiq edilməlidir. Sizin “Ki” resurslarınız tez bir zamanda yandırılmamalıdır. Hərəkət, tənəffüs və güc bir-biri ilə balanslaşdırılmış olmalıdır. Aikido məşqləri bədəninizi hiss etmək və tərbiyə etdirmək imkanı verir. Təlimlər vasitəsilə biz düzgün nəfəs almağı və nəfəsi idarə etməyi, zərif hərəkət etməyi və düzgün bədən mövqeyini almağı, gücdən istifadəyə nəzarət etməyi və vəziyyətlərə reaksiya verməyi öyrənirik. Biz həmçinin konsentrasiya, meditasiya, müdafiə olunmaq və təhlükəsizlik texnikalarını öyrənirik. Düzgün məşqlər yaxşı sağlamlıq, tonus, duruş, elastiklik və zərif bədən forması verir. Onun fəlsəfəsi insanlara, heyvanlara, əşyalara və ətraf mühitə hörmətlə yanaşmağı, bədənin və düşüncələrin saflığını qorumağı, özünü dərk etməyi və inkişaf etdirməyi, yanlış davranış və hərəkətlərdən qurtulmağı öyrədir.

Hər bir insan bilik əldə etmək üçün ilahi fitrətə malikdir. Bilik əldə etməyin göstəricisi isə onu öz həyatında tətbiq edərək, öz üzərində işləməkdir. Yalnız özünü nizama salmaqla, sağlam bədən, saf düşüncələr və mənəvi cəhətdən inkişaf əldə etməklə, Aikido sizin olacaq və sizin vasitənizlə çiçəklənəcəkdir.


Fərhad Ələsgərov

Məqalələr
Dərclər
© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az