Hakama - geniş ətəkli şalvara bənzəyən ənənəvi Yapon geyim növüdür. Onu feodallar və samuraylar geyirdilər. Müxtəlif rənglərdə və müxtəlif uzunluqlarda idi (3 metrə qədər çata bilərdi). Hazırda hakama qədim ənənələri yaşadan bəzi Yapon döyüş sənətlərində uniforma kimi geyinilir.
Aikido ilə məşğul olanlar müəyyən dərəcədən sonra ağ keikogi (məşq kostyumu) üzərində tünd göy və ya qara rəngli hakama geyinir. Ağ şalvarın ətəyi hakama altından görünməməlidir.
Hakama səviyyə və ya bacarıq göstəricisi deyil. Hakama doğru yola qədəm qoyan və döyüşçü prinsipləri ilə yaşayan insanın fəzilətinin göstəricisidir. Aykidoda artıq hakama geyinmiş şəxs ən azı hakamanı necə düzgün geyinməyi, hakamanı düzgün bükməyi, yaxşı uke (partnyor) olmağı, yumşaq ukemi (düşüb qalxmaq) yerinə yetirməyi bacarmalıdır. Və ən əsası, O-Sensei M. Ueshibanın vurğuladığı kimi, Hakamanın 7 qatını simvolizə edən, Budonun 7 prinsipinə riayət etməlidir.
Jin - Xeyirxahlıq (xeyirxahlıq - bu, bir insanın başqasının uğurlarına, başqasının xoşbəxtliyinə, başqasının sevincinə sevinmək qabiliyyətidir; bu, insanlara qarşı paxıllığın, intiqamın və biganəliyin olmamasıdır; bu, başqalarının səhvlərini bağışlamaq bacarığı, insani çatışmazlıqlarına səbr etməkdir.
Gi - Şərəf, ədalət (şərəf - insanın daxili mənəvi ləyaqəti, şücaəti, namusluluğu, nəcibliyi və təmiz vicdanıdır; ədalət - heç kimin haqqına girmədən hər kəsin haqqını özünə vermək və hər şeyi öz yerinə qoymaq.
Rei - Nəzakət və etiket (nəzakət - insanlara məhəbbətin təzahürünü səciyyələndirən, insanın mənəvi-əxlaqi keyfiyyətidir. Bu, bir insanın digərinə hörmətli münasibətinin bir formasıdır, nitq mədəniyyətində, üz ifadələrinin və əl hərəkətlərinin təmkinində ifadə edilir).
Çi - Müdrüklük (müdriklik - düşüncə ilə əldə edilən bilikdir; həyat təcrübəsinə əsaslanan dərin ağıldır; vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək bacarığıdır).
Sin - Səmimiyyət (səmimiyyət - insanın düzgün hesab etdiyi şeyi etməsi və söyləməsi ilə ifadə edilir, yəni insanın fikrinin, sözünün və əməlinin eynilik təşkil etməsi deməkdir).
Çu - Sədaqət (sədaqət - insanın kiməsə və ya nəyəsə bağlılığını, hörmətini, sadiqliyini, səmimi sevgisini səciyyələndirən müsbət mənəvi-əxlaqi keyfiyyətidir. Sədaqət - dəyişən şərtlərdən asılı olmayaraq, təvazökarlıqla sevgi və sadiqlikdir).
Ko - Təqva (təqva - insanı nəfs istəklərindən çəkindirə bilən, ruha zərər verə biləcək, qorxulu hər şeydən qoruyan daxili bir qüvvədir. Təqva - məhdudiyyət deyil, müdafiədir).
Əgər məşq edənə hakama geyməyə icazə verilibsə, o, hər zaman və hər yerdə riayət etməli olduğu yuxarıdakı prinsipləri unutmamalıdır. Hakamanın məşq zamanı mane olduğuna və onsuz məşq rahat olduğuna inananlar dərindən yanılırlar. Təlimlərin sirli nüansları hakamada gizlədilir. Ona görə, hakama geyən adam, Yolunun hara olduğunu bilməlidir.
Amma təəssüf ki, dünyamızda əsl döyüşçülər çox azdır və hakama çoxları üçün sadəcə eqolarını inkişaf etdirən geyimdir. Unutmaq olmaz ki, ağac nə qədər məhsuldardırsa, qürurun başını bir o qədər əyər. Təvazökarlıq döyüşçüyə yaraşıq verir.
Azərbaycan Aikido Federasiyasında 1-ci Dandan etibarən istənilən praktikant hakama geyə bilər. Lakin senseyin şəxsi icazəsi ilə tələbənin əxlaqi keyfiyyətləri nəzərə alınmaqla, praktikant qızlara 3-cü, kişilərə isə 2-ci Kyudan hakama geyməyə icazə verilə bilər.
Sensei F. Ələsgərovun təlimatlarından
|