Azərbaycanda Aikido Azərbaycan Aikido Federasiyası  (AAF)
RU | AZ
Əsl qələbə -
öz üzərində qələbədir
Müraciət
Qrupa yazılmaq üçün
Sual və müraciətləriniz
Məlumat
Federasiyaya üzvlük
Dərs cədvəli
Əlaqə
Bakı şəh. AZ1072 Bala-əmi Dadaşov küç.24 (metro N.Nərimanov yaxınlığında)
(+99412) 5675895; Fax (+99412) 4476789;
(+99455) 6923643;
;
aikidao@yahoo.com
Federasiya
Nəşrlər siyahısına qayıtmaq

QAVRAYIŞ

Nəşrin tarixi 28.10.2023
Bölüm Məqalə
Bölümaltı

QAVRAYIŞ

Əslində, Aiki təlimi görmədiyimiz, eşitmədiyimiz və hiss edə bilmədiyimiz şeylərin incə səviyyədə qavrayışını gücləndirməyə yönəldilməlidir. Digər canlılardan fərqli olaraq insanlarda bu həssaslıqlar yatırılır. İncə qavrayış bizim əldə etdiyimiz ağıl və biliklərdən asılı deyil. Bu, həqiqət və harmoniya qanunlarına uyğun yaşayanlar üçün mümkündür. Biz nə qədər özümüz üçün, öz kefimiz üçün yaradıb hər şeyi ediriksə, bir o qədər də haqq yolundan yayınırıq. İnsandan fərqli olaraq digər canlılarda insanın doymadan istədiyi şıltaqlıqlar yoxdur. Təəssüf ki, onun ağlı və əldə etdiyi biliklər cəmiyyət və təbiət haqqında deyil, yalnız öz xeyirini düşünərək günah işlərə yönəlib. İnsan doyumsuz zənginləşmək üçün cəmiyyəti müxtəlif qida məhsulları ilə zəhərləyir, ona həyat verən təbiəti məhv edir. Heç anlamır ki, cəmiyyət və təbiət bunu ona bolluca qaytaracaq. Onun bütün bilik və düşüncələri fərqində olmadan şərə xidmət edir və onun və yaxınlarının ölümünün tezləşməsi gözlənilir.

Təhsili, sertifikatları, dərəcələri və həyatda əldə etdiyi nailiyyətlər onun başqaları üzərində böyüklüyünə dəlalət etmir. Bütün bu qazanclar onun həyatda keçdiyi yoldur. Bütün bunlar onun şəxsi işidir və cəmiyyət qarşısında nümayiş və ya tərif üçün deyil. Yalnız onun əməlləri və haqq yolu ilə getməsi ilə nümayiş etdirilən bilik və bacarığı cəmiyyət üçün parlaq örnək ola bilər. Onlar ancaq özlərinə dəstxət etdikləri və bu prinsiplərlə yaşadıqları salehlik biliklərini cəmiyyətə danışıb və bölüşə bilərlər. Əgər özümüzün tətbiq etmədiyimiz biliklərdən danışırıqsa, bu, özümüzün dadmadığımız bir şeyin dadından danışmaqla eynidir. Deyəcək bir şeyiniz varsa, təcrübə etdiyiniz şeylər haqqında danışın.

Həmçinin həyatda rastlaşdığınız tale təkliflərindəki vəziyyətləri dəyişməyə tələsməyin. Biz hər şeyin harmoniyanı pozmadan zamanın axını ilə axmasına imkan yaratmalıyıq. Bu günün taleyi keçmiş günlərdən, zamanlardan qazanılır. Nədən yemək bişiririksə, qabımıza gəlir və onu da yeyirik. Təbiətin harmoniyasını pozmaqla, digər canlıları məhv etməklə özümüzə və nəslimizin yaşadığı cəmiyyətə zərər vermiş oluruq. Ağıl insana ona görə verilmişdir ki, o, başqa canlılar üçün böyük qardaş olsun, hamı üçün təbiəti qorusun. Amma əgər ağıl təkəbbürliyə və tamahlara sövq edirsə, onda onun təbiəti hiss etmə duyğusu məhdudlaşır, hansı ki, digər canlılar buna malikdir. Amma əgər insan ağlını salehlik yoluna yönəltsəydi, təcrübələr və meditasiyalar vasitəsilə idraklarını gücləndirərək, hətta görünməyən canlıları belə hiss edə bilərdi. Heyvanlar ağılları ilə təbiət hadisələrini əvvəlcədən hiss edə bilirlər, lakin insanlar təbiətlə əlaqəni itirdikləri üçün bunu edə bilmirlər.

Materializm insanı psevdo biliyə (elmlərə) doğru aparıb, insanı özündən asılı vəziyyətə salıb. Əgər əvvəlki biliklər insana enerji səviyyəsində xəstəliyi toxunaraq və toxunmadan hiss etməyi öyrədirdisə, bu gün həkimlər elmin yaratdığı cihazlardan asılıdır. İndi cihazlar insanları idarə edir. Əgər əvvəllər məktəb təhsili olmadan kənd camaatı təbiəti izləyərək qarşıdan gələn və ya gözlənilən hadisələri anlayıb və hiss edə bilirdisə, bu gün “ağıllar” meteoroloji qurğulardan asılıdır. Əgər əvvəllər düşüncələri telepatik yönləndirən və qəbul edən biliklər öyrədirdilərsə, bu gün elm bizə əlaqə vasitələri (telefon, internet və s.) verib. Bu, böyüklüyünü və kiminsə üzərində üstünlüyünü göstərmək üçün Babil qülləsi tikməyə bənzəyir. Lakin təbiətdən uzaqlaşaraq, özümüzə güman edilən rahatlıq yaradaraq, deqradasiya oluruq, xəstələnirik və depressiyaya düşürük. Komfortda həyat sürətlə irəliləyir və həqiqətən yaşamağa vaxtımız olmur. Təəssüflər olsun ki, ruh və şüur barədə elm inkişaf etmir, baxmayaraq ki, bu, bəşəriyyətin düzgün yaşaması üçün ən vacibdir.

Düzgün yaşamaq təbiəti və başqalarını narahat etmədən sülh, şəfqət və sevgi içində olmaq deməkdir. Dəyərli vaxtınızı özünüzü düzgün inkişaf etdirməyə və əvəzolunmaz sağlamlığınızı qorumağa sərf etməlisiniz.
Ola bilsin ki, bu fikirlər sizin üçün haradasa təkrarlanıb və siz yeni heç nə eşitmədiniz. Axı biz yeni bir şey deyə bilmərik, çünki hər şey barədə artıq nə vaxtsa bir dəfə deyilib. Lakin təkrarlama kimin üçünsə yeni ola bilər və ya kimisə oyadar.

O ki, yoxdur, hər şeydir.

Fərhad Ələsgərov

© 2014 Azərbaycan Aikido Federasiyası. Bütün hüquqlar qorunur. Sayt 8 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub.(8+). Dizayn və təkmilləşdirmə SiteMan.az